Azərbaycanın metanol ixracından qazancı açıqlanıb
- 01 dekabr, 2023
- 06:26
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 73,1 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilib.
Bu, 2022-ci ilin ilk 10 ayının göstəricisi ilə müqayisədə 39,8 milyon ABŞ dolları və yaxud 35,2 % azdır.
Hesabat dövründə Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 % artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.