Yuxarı

Azərbaycandan Türkiyəyə iyunda 519 mln. kubmetr qaz nəql edilib

Bu, Türkiyənin ümumi qaz idxalının 16,4%-nə bərabərdir

Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycandan Türkiyəyə 519,14 mln. kubmetr təbii qaz nəql edilib. "Report" Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayından 7,7% azdır.

Hesabat ayında Azərbaycanın Türkiyənin ümumi qaz idxalında payı 16,36% təşkil edib.

İyunda Türkiyə ümumilikdə 3,173 mlrd. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 0,88% azdır. İyunda idxal edilən həcmin 2,742 mlrd. kubmetri (ötən ilin iyunundan 2,56% az) boru kəmərləri ilə nəql olunan qaz, 430,78 mln. kubmetri (11,3% çox) isə mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib. Türkiyəyə boru kəmərləri ilə Azərbaycanla yanaşı, Rusiyadan 1,743 mlrd. kubmetr, İrandan 479,88 mln. kubmetr qaz nəql edilib. İyunda Türkiyə Əlcəzairdən 236,44 mln. kubmetr, Nigeriyadan isə 194,34 mln. kubmetr mayeləşdirilmiş təbii qaz alıb.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ilin iyulunda daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi