Azərbaycanda “yaşıl enerji məkanı” üzrə ötən il görülən işlər müzakirə edilib

Azərbaycanda “yaşıl enerji məkanı” üzrə ötən il görülən işlər müzakirə edilib Azərbaycanda “Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun 2023-cü ildə gördüyü işlər müzakirə edilib.
Energetika
19 Fevral , 2024 13:21
Azərbaycanda “yaşıl enerji məkanı” üzrə ötən il görülən işlər müzakirə edilib

Azərbaycanda “Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun 2023-cü ildə gördüyü işlər müzakirə edilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üzrə icrasına dair hazırlanmış illik hesabat layihəsinin müzakirəsi ilə bağlı “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

İclasda İşçi qrupun sədri, energetika nazirinin müavini Elnur Soltanov İşçi qrupun fəaliyyəti üzrə ümumi məlumat verib və iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.

İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn hesabatı təqdim edib, fəaliyyət çərçivəsində əldə edilmiş nailiyyətləri və çağırışları qeyd edib.

İclasda Strategiya sənədində “Yaşıl enerji məkanı” məqsədi üzrə fəaliyyət istiqamətləri, indikatorlar və nəzərdə tutulmuş hədəflər çərçivəsində müvafiq tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib.

Təbii qaz və elektrik enerjisi təchizatı, energetika sahəsində tənzimləyici mühitin formalaşdırılması, istilik təchizatı sahəsində dövlət‒özəl tərəfdaşlığının inkişafı, dənizdə külək enerjisi potensialının araşdırılması, geotermal və bioenerjidən istifadə imkanlarının genişləndirilməsi, "yaşıl enerji" mənbələri üzrə informasiya sisteminin yaradılması, yeni generasiya güclərinin enerji sisteminə inteqrasiyası, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə, hidrogenin istehsalı, enerji səmərəliliyinin təmin edilməsi və digər istiqamətlərdə yerinə yetirilmiş tədbirlər müzakirə edilib.

İşçi qrupu üzvlərinin hesabatla bağlı rəyləri dinlənib, növbəti hesabatların hazırlanması zamanı nəzərə alınması üçün tövsiyələr formalaşdırılıb. Strategiya sənədi üzrə cari ildə icra ediləcək tədbirlər və onların effektiv həlli üçün tapşırıqlar müəyyənləşdirilib.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb. “Yaşıl enerji məkanı” İşçi qrupu da bu çərçivədə “Yaşıl enerji məkanı” məqsədinin yerinə yetirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi