Azərbaycanda "Euro-5" benzin və dizelin istehsal olunacağı tarix açıqlanıb

Azərbaycanda "Euro-5" benzin və dizelin istehsal olunacağı tarix açıqlanıb Yenidənqurma işlərindən sonra BNEZ benzin istehsalını 1,2-1,3 mln. ton artıracaq
Energetika
30 Noyabr , 2017 14:17
Azərbaycanda Euro-5 benzin və dizelin istehsal olunacağı tarix açıqlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) aparılan yenidənqurma və modernizasiya işləri çərçivəsində dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.

"Report" xəbər verir ki, zavodun baş mühəndisi Rasim İbrahimov 2021-ci ildə zavodda aparılan işlərin başa çatacağını bildirib: "Dizel fazası ilə benzin fazasının başa çatması arasında cəmi 4 ay vaxt var. İlkin olaraq dizel istehsalına başlanılacaq. Modernizasiyadan sonra zavodda ildə təxminən 3 mln. ton həcmində "Euro-5" standartının tələblərinə cavab verən dizel istehsal ediləcək".

Benzin istehsalına gəlincə isə baş mühəndis qeyd edib ki, görülən işlərdən sonra benzin istehsalının həcmi hazırkı göstəricidən 1,2-1,3 mln. ton artıq olacaq: "Hazırda zavodda benzin istehsalının həcmi təxminən ildə 1 mln. ton təşkil edir. "Ai-92" markalı benzinə olan daxili tələbat tam ödənilir. İstehsalın həcmi artırıldıqdan sonra əlavə həcmlər ixraca yönəldilə bilər", - o əlavə edib.

Baş mühəndis həmçinin bildirib ki, yenidənqurma və moderniyasiya işləri çərçivəsində hazırda yeni bitum qurğusunun inşası davam edir, digər qurğular üzrə isə EPC (Mühəndislik, Satınalma və Tikinti) podratçısının seçilməsi gözlənilir.

Qeyd edək ki, bitum qurğusu gələn ilin III rübündə istifadəyə veriləcək.

BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin üç mərhələdə icrası nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatıdırılacaq.

Görülən işlərdən sonra müəssisədə istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln. ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi