Azərbaycanda daxili bazarda təbii qazın satışı 15 % artıb

Energetika
  • 09 mart, 2022
  • 11:07
Azərbaycanda daxili bazarda təbii qazın satışı 15 % artıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2021-ci il ərzində satılan 14,3 milyard kubmetr təbii qazın 13,1 milyard kubmetri, 282,5 min tonu maye qazın 282,1 min tonu daxili bazarda satılıb.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, əhali istehlakçılarına isə 3,9 milyard kubmetri təbii qaz verilib.

Bildirilib ki, daxili bazarda satış əvvəlki illə müqayisədə 15 % artıb, 1 milyard 155,6 milyon kubmetr isə qaz ixrac olunub. Ölkədə satılmış qaza görə daxilolmalar 1 milyard 342,4 milyon manat, ixrac qazına görə isə 292,8 milyon manat təşkil edib. Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikası 281,8 milyon kubmetr təbii qazla təmin olunub.

Həmçinin, 2021-ci ildə qaz itkilərinin azaldılması məqsədilə şəbəkədə yenidənqurma işləri aparılıb, qaz xətləri əsaslı təmir edilib, istismar müddəti bitmiş sayğaclar yenisi ilə əvəz edilib, itkilər 3,6 % təşkil edib.

Qeyd edilib ki, qaz təchizatı sisteminin yenidən qurulması, genişləndirilməsi və yaxşılaşdırılması üçün 340 kilometr müxtəlif diametrli boru xətti çəkilib, 423 kilometr uzunluğunda qaz xətləri əsaslı təmir olunub.