Azərbaycanda benzin istehsalı 10 % artıb
- 15 aprel, 2024
- 11:02
Bu ilin birinci rübündə Azərbaycanda 384,1 min ton həcmində avtomobil benzini istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.
Bu ilin ilk rübündə ölkədə 599,8 min ton dizel yanacağı istehsal edilib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 7,8 % çoxdur.
Ümumilikdə, 2024-cü ilin ilk rübündə Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 1 milyard 275,2 milyon manat təşkil edib. İl ərzində bu göstərici 5,4 % artıb.
Hesabat dövründə 14,5 min ton sürtkü yağları, 51,4 min ton neft bitumu istehsal edilib. İl ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 5,8 % azalıb, neft bitumunun istehsalı isə 29,8 % artıb.
Həmçinin, ilin ilk rübündə ölkədə 59,6 min ton maye qazlar, 159,6 min ton ağ neft, 61,1 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 15,8 %, neft koksunun istehsalı 4,7 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 16,9 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.