Azərbaycana 7 ayda bəyan edilmiş qaz idxalının həcmi və dəyəri açıqlanıb
- 18 sentyabr, 2024
- 14:32
Bu ilin yanvar-iyul aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 454 milyon 332,49 min kubmetr təşkil edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə azdır.
Azərbaycana idxal olunan qazın dəyəri il ərzində 3,6 dəfə azalaraq 73 milyon 109,25 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə qaz idxalının ümumi həcmində 46 milyon 902,7 min ABŞ dolları dəyərində 312 milyon 684,64 min kubmetr "mavi yanacaq" Türkmənistandan tədarük edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə tədarük həcmi kəmiyyət baxımından 2,5 dəfə, dəyər baxımından da 2,5 dəfə azalıb.
Yanvar-iyul aylarında Rusiyadan 26 milyon 206,55 min ABŞ dolları dəyərində 141 milyon 647,86 min kubmetr qaz idxalı bəyan edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 5,7 dəfə, dəyər baxımından isə 5,5 dəfə azdır. Eyni zamanda, Rusiya tədarükünün bütün həcmi iyul ayına düşüb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 361 milyon 997,49 min ABŞ dolları dəyərində 2 milyard 332 milyon 254,05 min kubmetr təşkil edib.