Yuxarı

​Azərbaycan və Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Nazir müavini Azərbaycan iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində həyata keçirilən işlərdən bəhs edib

Bakı. 7 iyul. REPORT.AZ/ Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub. "Report"un Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Fransa arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycanda neft sənayesinin tarixindən danışıb. 1847-ci ildən başlanan neft hasilatı, 1901-ci ildə dünyada hasil olunan neftin 50%-nin Azərbaycanın payına düşməsi, ikinci dünya müharibəsi zamanı 20 mln. ton neft hasil edən Bakının faşizmə qarşı mübarizədəki rolu barədə maraqlı faktları xatırladıb. Nazir müavini bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda neft hasilatının yüksək artımına təkan verib. Hazırda ölkədə bu rəqəm ildə təxminən 40 mln. ton civarındadır. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkə kimi indi Azərbaycanın əsas hədəfi enerji resurslarını Avropaya çıxarmaqdan ibarətdir.

G.Cavadov “Şahdəniz-2” yatağının ehtiyatının TANAP və TAP vasitəsilə qazın geniş həcmdə ixracına imkan verəcəyini diqqətə çatdırıb. Nazir müavini Azərbaycan iqtisadiyyatının neft-qazdan asılılığının azaldılması istiqamətində həyata keçirilən işlərdən və alternativ enerji sahəsində qəbul edilən proqramlar və reallaşdırılan layihələrdən də bəhs edib. Bildirib ki, bu istiqamətdə Fransanın təcrübəsindən bəhrələnməyə ehtiyac var. 

Nümayəndə heyətinin rəhbəri M.Fekl Azərbaycanla enerji əməkdaşlığının neft hasilatı, geoloji kəşfiyyat, neft-kimya, qaz sənayesi kimi sahələri əhatə etdiyini deyib. O bildirib ki, hər iki dövlət arasında ticarət dövriyyəsinin 85%-i məhz enerji sektorunun payına düşür. “Abşeron” yatağında “Total”ın fəaliyyətinə toxunan M.Fekl qaz layihələrinə Fransanın maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib. Görüşdə iştirak edən "ENGİE", "Eiffage" şirkətlərinin təmsilçiləri də alternativ enerji istehsalı istiqamətində əməkdaşlıq təkliflərini irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi