Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb

Energetika
  • 06 oktyabr, 2026
  • 15:55
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb

Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclası çərçivəsində iki ölkə arasında 4 sənəd imzalanıb.

"Report" xəbər verir ki, bunlardan biri "PMD Group" MMC və "Chapman Taylor" arasında Bakının Şimal Qapısı Çoxfunksiyalı Yaşayış və Biznes Kompleksinin İşlənilməsi üzrə Əməkdaşlıq Sazişidir. Sənədi "PMD Group"un İnkişaf üzrə departament rəhbəri Kamil Əliyev və "Chapman Taylor"un İdarə Heyətinin direktoru Edrian Qriffits imzalayıb.

2-ci sənəd "InterOcean Energy Services" və "Green Lines Shipping LLC" arasında Qeyri-kapital Əməkdaşlıq və Birgə Müəssisə Çərçivə Sazişidir. Sazişi "InterOcean Group"un Baş Kommersiya Direktoru Aleks Klark və "Green Lines Shipping"in Baş İcraçı Direktoru Rinat Rzayev imzalayıb.

3-cü sənəd "Xlinks Limited" və "Green Lines Shipping LLC" arasında Anlaşma Memorandumudur. Sənədi "Xlinks" şirkətinin Baş İcraçı Direktoru Ceyms Hamfri və "Green Lines Shipping"in Baş İcraçı Direktoru Rinat Rzayev imzalayıb.

4-cü sənəd isə "Xlinks Limited" və "Green Corridor Alliance" arasında Anlaşma Memorandumudur. Sənədi C.Hamfri və "Green Corridor Alliance"ın Baş Direktoru Tural Əliyev imzalayıb.

Ayrıca 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.

Həmçinin iclasın protokoluna imza atılıb. Protokolu Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, qarşı tərəfdən Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri Lord Anas Sarvar imzalayıb.