Azərbaycan Türkiyəyə təbii qaz ixracını 18 dəfə artırıb
- 01 aprel, 2024
- 14:53
Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 838 milyon 353,45 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Türkiyəyə ixrac edilən Azərbaycan qazının dəyəri 254 milyon 695,24 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 791 milyon 586,67 min kubmetr və ya 17,9 dəfə, məbləğ baxımından isə 212 milyon 317,21 min ABŞ dolları və ya 6 dəfə çoxdur.
Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycan 739 milyon 790,78 min ABŞ dolları dəyərində 1 milyard 931 milyon 879,69 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın həcmi il ərzində 7,6 dəfə, dəyəri isə 5,3 % artıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 3 milyard 681 milyon 484,94 min ABŞ dolları dəyərində 10 milyard 854 milyon 265 min kubmetr təbii qaz ixrac edib.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.