Azərbaycan Türkiyəyə qaz nəqlini 6 %-dən çox artırıb
- 28 oktyabr, 2024
- 08:17
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 427,02 milyon kubmetr təbii qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk 8 ayı ilə müqayisədə 6,07 % çoxdur.
Bu ilin avqust ayında Azərbaycan Türkiyəyə 742,24 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə 20,84 % azdır.
Bununla da avqust ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 19,1 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin avqust ayında Türkiyə Azərbaycandan 937,7 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə avqustda Türkiyə ümumilikdə 3 milyard 892,53 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 5,74 % çoxdur.
Avqustda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İlin 8-ci ayında Rusiyadan Türkiyəyə 2 milyard 274,22 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə 0,19 % çoxdur.
Avqustda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 491,34 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin avqust ayında İrandan Türkiyəyə qaz nəqli 6,6 dəfə artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.