Azərbaycan Türkiyəyə qaz nəqlini 20 % artırıb
- 29 dekabr, 2023
- 07:02
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 8 milyard 609,31 milyon kubmetr təbii qaz ixrac edilib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə 20,1 % çoxdur.
Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 718,91 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,53 % azdır. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 21,4 %-i Azərbaycanın payına düşüb.
Beləliklə, Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Birinci yerdə isə Rusiya qərarlaşıb.
Oktyabrda Türkiyə ümumilikdə 3 milyard 358,23 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,71 % çoxdur. İlin 10-cu ayında Rusiyadan Türkiyəyə 1 milyard 985,99 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.
Üçüncü yerdə qərarlaşan Əlcəzair isə Türkiyəyə 448,98 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,17 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.