Azərbaycan Türkiyəyə neft ixracının həcmini açıqlayıb

Energetika
  • 18 mart, 2025
  • 13:49
Azərbaycan Türkiyəyə neft ixracının həcmini açıqlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 14 min 760,55 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 7 milyon 442,07 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin iki ayı ilə müqayisədə 4,6 dəfə, dəyəri isə 4,8 dəfə azdır.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,31 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 2 milyard 672 milyon 800,77 min ABŞ dolları dəyərində 4 milyon 778 min 403,96 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.