Azərbaycan Türkiyə və Özbəkistana “Aİ-92” benzini ixrac etməyə başlayıb

Energetika
  • 18 yanvar, 2024
  • 06:59
Azərbaycan Türkiyə və Özbəkistana “Aİ-92” benzini ixrac etməyə başlayıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 60,21 milyon ABŞ dolları dəyərində 64 min 976 ton "Aİ-92" markalı avtomobil benzini idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 73 %, kəmiyyət olaraq – 67 % azdır.

Azərbaycan Litvadan 22,58 milyon ABŞ dolları dəyərində 20 min 943 ton (bir il əvvəl tədarük olmayıb), Türkmənistandan 23,36 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % azdır) 26 min 645 ton (-38 %) və Rusiyadan 14,25 milyon ABŞ dolları dəyərində (-91 %) 17 min 387 ton (-88 %) benzin alıb.

Hesabat dövründə Azərbaycandan 23 milyon ABŞ dolları dəyərində (-17 %) 33 min 111 ton (+8 %) "Aİ-92" markalı avtomobil benzini ixrac edilib.

Azərbaycan Türkiyəyə 21,49 milyon ABŞ dolları dəyərində 30 min 790 ton və Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində 2 min 320 ton məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə və Özbəkistana tədarük həyata keçirilib.