Azərbaycan qazının İtaliyaya tədarük həcmi 2 ayda azalıb
- 28 aprel, 2025
- 14:41
Bu ilin yanvar-fevral aylarında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycandan İtaliyaya 1,48 milyard kubmetr qaz tədarük edilib.
Bu barədə “Report”a İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,6 % azdır.
Ümumilikdə 2025-ci ilin yanvar-fevral aylarında İtaliya 15,434 milyard kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur.
Tədarükün ümumi həcmində Azərbaycan qazının payı 9,6 % olub.
Fevralda Azərbaycan İtaliyaya 703 milyon kubmetr qaz tədarük edib ki, bu da 2024-cü ilin fevral göstəricisindən 15,8 % azdır. Qeyd olunan ayda İtaliyaya qaz tədarükünün ümumi həcmində Azərbaycanın payı 9,6 % təşkil edib.
2024-cü ildə TAP ilə Azərbaycandan İtaliyaya 10,315 milyard kubmetr qaz (artım 3,3 %) idxal edilib. İdxalın ümumi həcmində Azərbaycan qazının payı 16,7 % təşkil edib.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.