Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyənədək ümumilikdə 24,75 milyard kubmetr təbii qaz nəql edilib.
Bunu "Report"a müsahibəsində TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) deyib.
"Bunun təxminən 1,1 milyard kubmetri Bolqarıstana, 2,7 milyard kubmetrdən çox həcmi Yunanıstana, 20,7 milyard kubmetrdən çoxu isə İtaliyaya göndərilib", - deyə TAP-ın icraçı direktoru bildirib.
Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Luka Şippati ilə müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.