Azərbaycan qazının Avropaya nəqlinin çoğrafiyasını genişləndirəcək kəmərin 96 %-i hazırdı
- 05 noyabr, 2021
- 06:58
Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) layihəsinin icrası və əsas tikinti işlərinin həyata keçirilməsi üzrə işlər sürətlə davam edir.
Bu barədə “Report” Yunanıstan-Bolqarıstan İnterkonnektoru Konserninin (İnterconnector Greece – Bulgaria: ICGB AD) məlumatına istinadən xəbər verir.
Bildirilir ki, artıq boru kəmərinin qaynaq işləri 96 % tamamlanıb: "İnterkonnektorun 182 kilometrlik marşrutun 145 kilometrdən artıq hissəsi artıq hazırdır və borular xəndəkdə endirilir".
“IGB Bolqarıstan və Cənub-Şərqi Avropa regionu üçün tədarük təhlükəsizliyinin artırılması və təbii qaz mənbələrinin şaxələndirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”,- deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.