Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” müəssisəsi yaradıb - YENİLƏNİB

Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” müəssisəsi yaradıb - YENİLƏNİB Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Təsis Müqaviləsi imzalanıb
Energetika
27 Dekabr , 2024 16:58
Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” müəssisəsi yaradıb - YENİLƏNİB

“Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisənin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis Müqaviləsi” imzalanıb.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib. Müqavilə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in həyata keçirilməsi çərçivəsində imzalanıb.

Bildirilib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika nazirinin müavini Umid Mamadaminovun iştirakı ilə hibrid formatda baş tutan mərasimdə sənəd “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin idarə heyətinin sədri Nabi Aytjanov və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin idarə heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb.

Birgə müəssisə “yaşıl enerji”nin Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı (“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”) layihəsinin texnik-iqtisadi əsaslandırmasının hazırlanmasından irəli gələn zəruri tədbirləri həyata keçirəcək. Müəssisə regionda bərpa olunan enerji layihələrinin, dayanıqlı enerji sistemlərinin və beynəlxalq enerji dəhlizlərinin inkişafını gücləndirmək istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Birgə müəssisənin idarəetmə sistemi şirkətin ali idarəetmə orqanı kimi Ümumi Yığıncaq vasitəsilə tənzimlənəcək, fəaliyyətə rəhbərlik isə Baş direktor tərəfindən həyata keçiriləcək. Bu vəzifə hər üç ildən bir tərəflər arasında bərabər rotasiya əsasında dəyişdiriləcəkdir.

İmzalanma mərasimində P. Şahbazov bildirib ki, layihə ölkələrimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Orta Dəhlizin inkişafına və həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev və Özbəkistanın energetika nazirinin müavini Umid Mamadaminov da üç ölkənin “yaşıl enerji” tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, bu layihənin Avropaya “yaşıl enerji”nin tədarükü üçün imkanlar yaratdığını vurğulayıblar.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən cari ilin noyabrın 13-də COP29 çərçivəsində imzalanıb.

16:36

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Təsis Müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, qərargahı Bakıda yerləşəcək Birgə Müəssisə “Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsində və regionun enerji gələcəyinin formalaşdırılmasında mühüm addımdır.

Son xəbərlər

Orphus sistemi