Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşün protokolu imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib.
Hər iki tədbirdə çıxış edən nazir müavini ölkələr arasında tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri ilə bağlı dövlət başçılarının siyasi iradələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığını vurğulayıb. O, COP29 çərçivəsində "yaşıl enerji" keçidi ilə bağlı qlobal təşəbbüslərin və yüksək səviyyəli tədbirlərin planlaşdırıldığını, bu çərçivədə "Mərkəzi Asiya və Azərbaycan Enerji İnvestisiyaları Forumu"nun keçiriləcəyini qeyd edib.
Tədbirdə Azərbaycan-Mərkəzi Asiya-Avropa "yaşıl enerji" dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub.
Bildirilib ki, üç ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsi razılaşdırılıb, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıq təsdiqlənib. Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI” şirkəti seçilib və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub.
Səfər çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Qazaxıstanın energetika nazirinin müavini Erlan Akkenjenovla ikitərəfli görüşlər də keçirilib