Azərbaycan Portuqaliyaya neft satışını 3 dəfəyə yaxın artırıb

Energetika
  • 25 noyabr, 2024
  • 07:40
Azərbaycan Portuqaliyaya neft satışını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Portuqaliyaya 1 milyon 5 min 213,63 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 631 milyon 169,31 min ABŞ dolları təşkil edib.

Ötən 10 ay ərzində Azərbaycandan Portuqaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə, dəyəri isə 2,6 dəfə çoxdur.

Portuqaliyaya ixrac edilən yanacağın Azərbaycanın ümumi neft ixracında payı 4,89 % olub.

Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.