Azərbaycan neft emalını 8 %-dən çox azaldıb
- 11 dekabr, 2024
- 07:44
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 5,5 milyon tona yaxın neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə 0,5 milyon ton və ya 8,33 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr ayları üzrə ölkədə neftin emalı 6 milyon ton təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.