Azərbaycan neft emalını 2 %-dən çox artırıb
- 14 oktyabr, 2024
- 08:34
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 5 milyon tona yaxın neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 9 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə 0,1 milyon ton və ya 2,04 % çoxdur.
Xatırladaq ki, ötən ilin yanvar-sentyabr ayları üzrə ölkədə neftin emalı 4,9 milyon ton təşkil edib.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.