Azərbaycan mayda elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Energetika
  • 14 iyun, 2024
  • 09:07
Azərbaycan mayda elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana elektrik enerjisinin idxalı 80,9 milyon kVt/saat təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-may ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,6 milyon kVt/saat və ya 60,8 % çoxdur.

Mayda Azərbaycana elektrik enerjisinin idxalı 19 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin may ayı ilə müqayisədə 9,8 milyon kVt/saat və ya 2,06 dəfə çoxdur.

Ötən 5 ay ərzində ölkədən elektrik enerjisinin ixracı 426,8 milyon kVt/saat olub. Bu, bir il öncəki göstəricidən 826,9 milyon kVt/saat və ya 2,9 dəfə azdır.

May ayında Azərbaycandan elektrik enerjisinin ixracı 10,9 milyon kVt/saat və ya 2,1 dəfə artıraraq 20,4 milyon kVt/saat təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda elektrik enerjisinin idxalı 50,3 milyon kVt/saat, ixracı isə 1 milyard 253,7 milyon kVt/saat olub. Ötən ilin may ayında elektrik enerjisinin idxalı 9,2 milyon kVt/saat, ixracı isə 9,5 milyon kVt/saat təşkil edib.