Azərbaycan İtaliyaya satdığı qazın həcmini 4 %-dən çox artırıb

Energetika
  • 23 oktyabr, 2023
  • 08:20
Azərbaycan İtaliyaya satdığı qazın həcmini 4 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 6 milyard 661 milyon 982,9 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İtaliyaya ixrac edilən təbii qazın dəyəri 6 milyard 353 milyon 743,68 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə həcm baxımından 284 milyon 262,8 min kubmetr (4,46 %) çoxdur, məbləğ baxımından isə illik müqayisədə 111 milyon 396,26 min ABŞ dolları (14,9 %) azdır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 milyard 452 milyon 178,82 min ABŞ dolları dəyərində 17 milyard 391 milyon 448,11 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu ilin 8 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92 % olub.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 % artım ilə) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.