Azərbaycan İtaliyaya qaz ixracını 24 %-dən çox artırıb
- 19 iyul, 2024
- 11:53
Bu ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 4 milyard 129 milyon 507,94 min kubmetr qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Bu dövrdə İtaliyaya tədarük edilən Azərbaycan qazının dəyəri 1 milyard 682 milyon 916,42 min ABŞ dolları təşkil edib.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin hesabat dövründə İtaliyaya qaz tədarükü miqdar ifadəsində 24,4 % artıb, dəyər ifadəsində isə 2,7 dəfə azalıb.
Bütövlükdə, bu ilin ilk beş ayı ərzində Azərbaycan 3 milyard 451 milyon 136,68 min ABŞ dolları (51,4 % az) dəyərində 9 milyard 912 milyon 607,09 min kubmetr qaz (5,9 % çox) ixrac edib. Qaz 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana ixrac edilib.
Hesabat dövründə İtaliya Azərbaycan qazını alan ölkələr arasında lider olub. Azərbaycandan ümumi qaz ixracının 41,65 %-i bu ölkənin payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dolları dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib. Bu, 2023-cü ilin göstəricisinə nisbətən miqdar ifadəsində 2 milyard 494 milyon 741,9 min kubmetr (30,4 %) çox, dəyər ifadəsində isə 2 milyard 992 milyon 914,03 min ABŞ dolları (27,1 %) azdır.
Qeyd edək ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürmə qabiliyyəti 12 milyard kubmetri ötüb, 2027-ci ilin sonunadək isə 20 milyard kubmetrə çatdırılacaq.