Azərbaycan ilk dəfə Litvadan “Aİ-98” benzini tədarük edib

Energetika
  • 23 noyabr, 2021
  • 09:41
Azərbaycan ilk dəfə Litvadan “Aİ-98” benzini tədarük edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,997 milyon ABŞ dolları dəyərində 2 min 291,07 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 33,1 %, kəmiyyət olaraq– 17,3 % çoxdur.

Sentyabrda “Aİ-98”in idxalı müvafiq olaraq 46,5 % və 37,7 % artıb. Bu, Litvadan 633,86 min ABŞ dolları dəyərində 627,06 ton bu markadan olan benzinin alınması hesabına baş verib. Bu ölkədən Azərbaycan ilk dəfədir ki, benzin tədarük edib.

Hesabat dövründə Azərbaycan Rumıniyadan 1,076 milyon ABŞ dolları dəyərində 1 min 325,74 ton, Belarusdan 196,46 min ABŞ dolları dəyərində 237,45 ton, Yunanıstandan 90,33 min ABŞ dolları dəyərində 100,83 ton “Aİ-98” markalı benzin tədarük edib. Beləliklə ümumi idxal həcminin 57,87 %-i Rumıniyanın, 23,37 %-i Litvanın, 10,36 %-i Belarusun və 4,4 %-i Yunanıstanın payına düşüb.