Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazardır

Energetika
  • 21 iyun, 2024
  • 13:02
Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazardır

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 163 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 15 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 768,3 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9 % çoxdur.

Bu ilin ilk 5 ayında Gürcüstan Rusiyadan 334 milyon ABŞ dolları, Bolqarıstandan 69 milyon ABŞ dolları, Rumıniyadan 53 milyon ABŞ dolları, Yunanıstandan 30 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.