Yuxarı

Azərbaycan Energetika Nazirliyi: Neft bazarında qiymət sabitliyinin qərarlaşması üçün tədbirlər davamlı olmalıdır

Azərbaycan Energetika Nazirliyi: Neft bazarında qiymət sabitliyinin qərarlaşması üçün tədbirlər davamlı olmalıdır
Azərbaycan hasilatın azaldılması ilə bağlı Vyana anlaşmasının müddətinin uzadılmasına tərəfdar olduğunu bəyan edib

Bakı. 15 may. REPORT.AZ/ “Hazırda OPEC və kartelə üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını daha 6 ay müddətinə uzatmaq barədə müzakirə aparır və Azərbaycan da hasilatın azaldılması ilə bağlı anlaşma müddətinin uzadılmasına tərəfdar olduğunu bəyan edib”.

Bunu “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib.

Səudiyyə Ərəbistanı və Rusiyanın iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcəyi ilə bağlı hər iki ölkənin energetika nazirlərinin açıqlamasına gəlincə o qeyd edib ki, hazırda müzakirə predmeti razılaşmanın bu ilin sonunadək uzadılmasına nail olmaqdır.

“OPEC-ə üzv olan və qeyri-OPEC ölkələri növbəti 6 ay üzrə mövqe bildirir. Azərbaycanın mövqeyi məlumdur. Bazarda sabitliyin qərarlaşması üçün tədbirlər davamlı olmalıdır. Növbəti hansı qərarın qəbul olunacağı aparılan təhlillər əsasında mayın 25-də bəlli olacaq. Ona görə də nazirlərin görüşünü gözləmək lazımdır”, - deyə Z.Əliyeva qeyd edib.

O, Azərbaycanın energetika naziri Natiq Əliyevin mayın 25-də Vyanada keçiriləcək növbəti sammitdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh bildirib ki, OPEC və kartelə üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il tarixli Vyana anlaşmasını uzatmaq barədə ilkin razılıq əldə edib.

Eyni zamanda, X.əl-Faleh və Rusiyanın energetika naziri Aleksandr Novak Pekində keçirilən görüşdən sonra birgə açıqlamada bildiriblər ki, mayın 25-də keçiriləcək növbəti sammitdə S.Ərəbistanı və Rusiya iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcək. Anlaşmada hasilat kvotasının azaldılması ilə bağlı həcm isə əvvəlki kimi 1,8 mln. barel/gün qalacaq.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb.  

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Yanvar ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə isə 781,1 min barel olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi