Azərbaycan elektrik enerjisi ixracını artırıb
- 20 oktyabr, 2021
- 10:11
Bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 % artımla, təxminən, 20,7 mlrd kVt/st elektrik enerjisi istehsal edilib.
“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, bu dövrdə 120,4 mln kVt/st elektrik enerjisi idxal, 1 mlrd 030,3 mln kVt/st elektrik enerjisi isə ixrac edilib: “Ötən ilin eyni dövrünə nisbətən ixrac 189 mln kVt/st artıb. Gürcüstana 544,9 mln kVt/st, İrana 250,4 mln kVt/st, Türkiyəyə 163,6 mln kVt/st, Rusiyaya isə 71,4 mln kVt/st elektrik enerjisi ixrac edilib”.
Nazir bildirib ki, idxalın həcmi Rusiyadan 70,9 mln kVt/st, İrandan 24,9 mln kVt/st, Gürcüstandan 24,6 mln kVt/st olub.