Azərbaycan müstəqil elektrik stansiyalarındakı istehsalın həcmini açıqlayıb
- 15 fevral, 2022
- 09:18
2021-ci ildə Azərbaycanda müstəqil elektrik stansiyaları üzrə elektrik enerjisi istehsalı 2 milyard 300,8 milyon kVt/saat təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Hesabata görə, ötən il ümumi elektrik enerjisi istehsalı 27 milyard 855,7 milyon kVt/saat olub. Bu, 2020-ci illə (25 milyard 811,2 milyon kVt/saat) müqayisədə 2 milyard 044,5 milyon kVt/saat və ya 7,9 % çoxdur.
2021-ci ildə elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 26 milyard 238,5 milyon kVt/saat, su elektrik stansiyalarında (SES) 1 milyard 277,3 milyon kVt/saat, digər mənbələr üzrə isə cəmisi 339,9 milyon kVt/saat, o cümlədən, külək elektrik stansiyalarında 91,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 55,2 milyon kVt/saat, bio elektrik stansiyalarında (İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda) 193,2 milyon kVt/saat olub.
2021-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 milyard 037,8 milyon kVt/saat (İES-lərdə 23 milyard 904,9 milyon kVt/saat, SES-lərdə 1 milyard 132,9 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451 milyon kVt/saat (İES-lərdə 269,5 milyon kVt/saat, SES-lərdə 130,3 milyon kVt/saat, günəş ES-də 51,2 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 milyon kVt/saat təşkil edib.
2021-ci ildə Azərbaycanda ümumi elektrik enerjisinin istehlakı 23 milyard 435,6 milyon kVt/saat olub. Hesabata görə, bu, 2020-ci illə (21 milyard 969,9 milyon kVt/saat) müqayisədə 1 milyard 465,7 milyon kVt/saat və ya 6,7 % çoxdur.