Yuxarı

Azərbaycan BP ilə bir sıra pilot layihələrin reallaşdırılmasını təklif edib

Azərbaycan neft maşınqayırması sənayesinin inkişafında maraqlıdır

Bakı. 29 oktyabr. REPORT.AZ/ Hazırda dünya iqtisadiyyatında gedən ciddi proseslər bütün dövlətlərin iqtisadiyyatına təsir edir. Bu proseslər çərçivəsində iqtisadiyyatın diversifikasiyası, sənayeləşməsi və davamlılıq tədbirlərinin həyata keçirilməsi Azərbaycanı uzunmüddətli perspektivdə təmin edəcək bir amildir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərovun sözlərinə görə, Azərbaycan neft maşınqayırması sənayesinin inkişafında maraqlıdır: "Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin və İqtisadiyyat və Sənaye Nazirliyinin iştirakı ilə keçirilən bu görüşdə maşınqayırma, xüsusən də neft maşınqayırması sənayesinin inkişaf etdirilməsi ilə bağlı məsələlər ciddi müzakirə edilib. Azərbaycanda neft maşınqayırması sənayesinin böyük ənənəsi olub və SSRİ vaxtı bütün ittifaqın 70%-dən artıq tələbatını ödəyib. Ölkədə bu sahədə kadr potensialı mövcuddur və Nazirliyimiz bu sahədə ölkə başçısının tapşırıqlarına əsasən ciddi işlər həyata keçirir. İstəyirik ki, beynəlxalq tərəfdaşlarımız hazırkı layihələrdə də Azərbaycan neft maşınqayırması sənayesinin potensialından tam istifadə etsin". 

"BP ilə bir sıra pilot layihələrin reallaşdırılmasını da təklif etdik. Qeyd etmək istərdim ki, Böyük Britaniya tərəfindən Azərbaycana 20 mlrd. dollardan çox investisiya yatırılıb. İnanırıq ki, yatırılan investisiyaların bir hissəsi Azərbaycanın potensialını nəzərə alaraq neft maşınqayırması sənayesinin inkişafına ayrılacaq", - deyə nazir müavini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi