Azərbaycan benzin istehsalını 30 % artırıb
- 14 avqust, 2023
- 12:46
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri 2 milyard 598,2 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 15,9 % artıb.
Hesabat dövründə 838,5 min ton həcmində avtomobil benzini, 1 milyon 351,3 min ton dizel yanacağı, 35,4 min ton sürtkü yağları, 137,7 min ton neft bitumu istehsal edilib.
Belə ki, ötən 7 ay ərzində Azərbaycanda avtomobil benzini istehsalı 29,8 %, dizel yanacağı istehsalı 25,5 %, sürtkü yağlarının istehsalı 63,1 % artıb. Neft bitumu istehsalı isə 39,7 % azalıb.
Hesabat dövründə ölkədə 141 min ton maye qazlar, 334,2 min ton ağ neft, 4 min ton mazut, 142,2 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 15,5 %, ağ neftin istehsalı 8,1 %, neft koksunun istehsalı 46,3 %, artıb. Bu müddət ərzində ölkədə mazut istehsalı 94 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.