Azərbaycan benzin istehsalını 15 %-dən çox artırıb
- 15 dekabr, 2023
- 11:35
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 336,2 min ton həcmində avtomobil benzini istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2022-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 15,2 % çoxdur.
Bu ilin 11 ayında ölkədə 2 milyon 115,7 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 14 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 140,2 milyon manat təşkil edib. Bu, ötən ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 8,4 % çoxdur.
Hesabat dövründə 53,8 min ton sürtkü yağları, 257,5 min ton neft bitumu istehsal edilib. Ötən 11 ay ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 39,4 %, artıb, neft bitumunun istehsalı isə 21,3 % azalıb.
Həmçinin, 2023-cü ilin 11 ayı ərzində ölkədə 217,6 min ton maye qazlar, 545,9 min ton ağ neft, 5,7 min ton mazut, 212,3 min ton neft koksu istehsal edilib.
Son bir ildə Azərbaycanda maye qazların istehsalı 1,3 %, mazutun istehsalı 92,6 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 6,4 %, neft koksunun istehsalı 13,3 %, artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.