Azərbaycan neft ixracını 6 %-ə yaxın azaldıb
- 14 oktyabr, 2024
- 09:28
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə xarici ölkələrə 17,9 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 9 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrünə olan göstərici ilə müqayisədə 1,1 milyon ton və ya 5,8 % azdır.
Hesabat dövründə konsorsium neft ixracını il ərzində 1,1 milyon ton və ya 6,6 % azaldaraq 15,6 milyon tona endirib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ixrac həcmlərini ötən illə müqayisədə eyni səviyyədə saxlayaraq 2,3 milyon ton neft tədarük edib.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.