Azərbaycan "Aİ-92"nin idxalını 40 dəfə artırıb
- 18 oktyabr, 2022
- 05:57
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 223,456 milyon ABŞ dolları dəyərində 198,79 min ton "Aİ-92" markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 94 dəfə, kəmiyyət olaraq – 40 dəfə çoxdur.
Rusiyadan 166,61 milyon ABŞ dolları dəyərində 150 min ton, Türkmənistandan 49,597 milyon ABŞ dolları dəyərində 42,831 min ton, Qazaxıstandan 3,99 milyon ABŞ dolları dəyərində 3,526 min ton, Rumıniyadan 3,256 milyon ABŞ dolları dəyərində 2,425 min ton benzin alınıb.
Dörd il 11 aylıq aradan sonra Rumıniyadan, 1 il 9 aylıq fasilənin ardından Rusiya və Türkmənistandan tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan "Aİ-92" benzini alınıb.
Hesabat dövründə Azərbaycandan xaricə (ancaq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ)) 27,869 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 30 min 753 ton (+20 %) "Aİ-92" benzini göndərilib.
Bu il son 11 ildə ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.
Xatırladaq ki, “Aİ-92” markalı benzin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur. Lakin ildə bir dəfə olmaqla zavodun bir çox qurğularının fəaliyyəti təmir və əsaslanma işləri üçün müvəqqəti dayandırılır. Zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, ölkənin benzinə olan tələbatına yetməyə bilər. Buna görə də, həmin marka benzin xaricdən alınır. Bu zaman "Aİ-92" gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır. Belə ki, bu ilin fevralın 1-dən iyunun 1-nə kimi Azərbaycana idxal edilən "Aİ-92" oktan ədədi ilə avtomobil benzinin hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirilib.