Azərbaycan 8 ayda hansı ölkələrdən neft idxal edib?
- 21 oktyabr, 2024
- 07:07
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 740 milyon 868,49 min ABŞ dolları dəyərində 1 milyon 316 min 689,5 ton neft idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin 8 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə neft idxalı kəmiyyət ifadəsində 3,2 %, dəyər ifadəsində isə 1 % azalıb.
İdxalın strukturunda tədarükün böyük hissəsi Rusiyanın payına düşüb. Hesabat dövründə bu ölkədən 642 milyon 281,59 min ABŞ dolları (1,6 dəfə çox) dəyərində 1 milyon 150 min 363,55 ton neft (1,5 dəfə çox) idxal edilib.
Hesabat dövründə Azərbaycan neftinin qalan həcmini, yəni 22 milyon 828,7 min ABŞ dolları dəyərində 34 min 593,12 ton nefti Qazaxıstandan, 75 milyon 758,21 min ABŞ dolları dəyərində 131 min 732,83 ton nefti isə Türkmənistandan tədarük edilib.
Məlumata görə, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları (2022-ci ilin göstəricisi ilə müqayisədə 2,4 dəfə çox) dəyərində 1 milyon 917 min 793,68 ton (2,9 dəfə çox) neft idxal edib. Bunun əsas hissəsi dəyəri 729 milyon 263,74 min ABŞ dolları (5,5 dəfə çox) olan 1 milyon 303 min 999,1 tonu (6,6 dəfə çox) Rusiyadan idxal olunan neftin payına düşür.