Azərbaycan 7 ayda mazut istehsalını 4 dəfədən çox artırıb
- 15 avqust, 2025
- 15:40
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 56,6 min ton mazut istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin ilk 7 ayının göstəriciləri ilə müqayisədə 4,3 dəfə çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 3 milyard 60,3 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 % artıb.
Bu müddət ərzində Azərbaycanda 811 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 7 ayının göstəriciləri ilə müqayisədə 3,8 % azdır.
Bu ilin ilk 7 ayında ölkədə 1 milyon 386 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 3,9 % çoxdur.
Hesabat dövründə 21,9 min ton sürtkü yağları, 141,4 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 7 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 42,2 %, neft bitumunun istehsalı isə 4,5 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 133,6 min ton maye qazlar, 404,8 min ton ağ neft, 127,5 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 16,7 %, neft koksunun istehsalı 5,8 %, ağ neftin istehsalı isə 10,6 % artıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.