Azərbaycan 5 ayda İtaliyaya 4 milyard kubmetr qaz tədarük edib
- 01 avqust, 2025
- 16:52
Bu ilin yanvar-may aylarında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycandan İtaliyaya 3,923 milyard kubmetr qaz tədarük edilib.
Bu barədə “Report” İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 % azdır.
Ümumilikdə 2025-ci ilin 5 ayında İtaliya 29,201 milyard kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.
Tədarükün ümumi həcmində Azərbaycan qazının payı 14,3 % olub.
Mayda Azərbaycan İtaliyaya 801 milyon kubmetr qaz tədarük edib ki, bu da 2024-cü ilin may göstəricisindən 9,9 % azdır. Qeyd olunan ayda İtaliyaya qaz tədarükünün ümumi həcmində Azərbaycanın payı 23,9 % təşkil edib.
2024-cü ildə TAP ilə Azərbaycandan İtaliyaya 10,315 milyard kubmetr qaz (+3,3 %) idxal edilib. İdxalın ümumi həcmində Azərbaycan qazının payı 16,7 % təşkil edib.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.