İndiyədək Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) işlənilməsi çərçivəsində TANAP konsorsiumu tərəfindən Türkiyə hökmətinə hər min kubmetr qazın nəqlinə görə 5,95 ABŞ dolları vəsait ödənilib.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın Baş direktoru Saltuk Düzyol bildirib.
Onun sözlərinə görə, TANAP-ın işə salınması Azərbaycandan Türkiyəyə qaz nəqli həcmlərini artırıb.
Qeyd edək ki, TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
Bu il sentyabr ayının sonuna qədər TANAP vasitəsilə Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib.