Anar Məmmədov: “Petkim”də aparılan planlı təmir işləri məhsuldarlığı 20 % artıracaq”

Energetika
  • 26 aprel, 2023
  • 09:48
Anar Məmmədov: “Petkim”də aparılan planlı təmir işləri məhsuldarlığı 20 % artıracaq”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tütkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksində keçən il aparılan planlı təmir işləri şirkətin səmərəliliyini xeyli artıracaq.

“Report” xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov “Haber Türk” televiziyasına açıqlamasında bildirib.

Həm STAR neft emalı zavodunun, həm də “Petkim”in inteqrasiyasının davam etdiyini bildirən A. Məmmədov neft-kimya kompleksində hər 4 ildən bir planlı texniki xidmətin aparıldığını qeyd edib.

Onun sözlərinə görə, bu planlı təmir işlərindən sonra bu il məhsuldarlıq artımı olacaq: “Ötən il üçün planlaşdırılan dayandırmadan sonra bu il məhsuldarlığın 20 % artmasını gözləyirik”.

A.Məmmədov bildirib ki, İzmirin Əliağa qəsəbəsində yerləşən STAR neft emalı zavodunun ümumi istehsal gücü 8 milyon ton təşkil edir: “Bunun 4,8 milyon tonu dizel, 1,6 milyon tonu təyyarə yanacağı, 1,5 milyon tonu isə naftadır ki, bu da Türkiyənin yanacaq idxalını azaltmaq məqsədi daşıyır”.

Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.