Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Ağstafa rayonunun Sadıqlı kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
“Report” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 619 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 213 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 38 268 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Ağstafa rayonunun Böyük Kəsik və Ağgöl kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

