Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda günəş, külək və digər "yaşıl enerji" növləri ilə bağlı layihələri nəzərdən keçirir.
Bunu "Report"a açıqlamasında Asiya İnkişaf Bankının Baş investisiya mütəxəssisi David Urbaneja Furelous deyib.
ADB rəsmisi əlavə edib ki, bank Azərbaycanda özəl sektorda enerji layihəsini dəstəkləyənlər arasında ilklərdəndir: "Bu kimi layihələrdən daha çox gözləyirik".
Xatırladaq ki, dünən ADB-nin Direktorlar Şurası Qaradağ rayonu Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən sahədə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) inkişafı, tikintisi və istismarı (“Alat Solar” layihəsi) üçün “Masdar Azerbaijan Energy” MMC-yə 35,7 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını təsdiq edib.
Layihə ADB-nin 2030-cu il strategiyasının iqlim dəyişikliyi ilə mübarizə, iqlim dəyişikliyinə və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması, həmçinin ekoloji dayanıqlığın artırılması kimi 3 əməliyyat prioritetini dəstəkləyir. Layihə, həmçinin ADB-nin Azərbaycan dövləti ilə 2019-2023-cü illəri əhatə edən tərəfdaşlıq strategiyasının icrasına öz töhfəsini verir.
Layihə - günəş fotoelektrik qurğusunun və yeni yarımstansiyanın, yerli yarımstansiyanı ölkə şəbəkəsi ilə birləşdirən 330 kV-lıq hava elektrik ötürücü xəttinin tikintisi, mövcud yola paralel yeni kənar yolun salınması üçün yolların yaxşılaşdırılması kimi 3 komponentdən ibarətdir.