Azərbaycanda istehsal olunan enerjinin böyük hissəsi ənənəvi yanacaqlardan alınsa da, hidroelektrik enerji istehsalı ölkənin istehsal gücündə mühüm rol oynayır.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankı (WB) və Asiya İnkişaf Bankının (ADB) birgə hazırladığı “İqlim Riski olan ölkələrin profili” hesabatında bildirllib.
“Azərbaycanda hidroelektrik enerji istehsalı 2010 -cu ildə ümumi istehsalın 18 % olduğu halda, 2016 -cı ildə isə 8 %-ni təşkil edib. Gələcək onilliklərdə yağışın yağımı ilə bağlı proqnozlarda çox az dəqiqlik olsa da, buzlaqların sürətlə əriməsi və buxarlanmanın artması Azərbaycanın bu şəkildə enerji istehsal etmək qabiliyyətinə zərər vurma potensialına malikdir”, - hesabatda bildirilib.
Qeyd edilib ki, Azərbaycan milli inkişaf çərçivəsində iqlimə davamlılıq tədbirlərini gücləndirmək üçün uzunmüddətli, aşağı emissiyalı inkişaf strategiyaları hazırlayır.
Bu ilin yanvar-iyul ayında Azərbaycanın elektrik enerjisi istehsalı 14 milyard 868,8 milyon kVt/saat, ondan əmtəəlik elektrik enerjisi istehsalı isə 14 milyard 411,2 milyon kVt/saat olub ki, bu da, illik müqayisədə müvafiq olaraq 4 % və 4,3 % çoxdur. Bunun 858,1 milyon kVt/saatı su elektrik stansiyalarının (illik müqayisədə 13,3 % çox), 13 milyard 467,6 milyon kVt/saatı istilik elektrik stansiyalarının (3,8 % çox), 54 milyon kVt/saatı küləklə işləyən elektrik stansiyaların (46 % az), 31,5 milyon kVt/saatı günəş enerjisi ilə işləyən elektrik stansiyaların (16,2 % çox) payına düşüb.