ADB Asiya və Sakit Okean bölgəsində bərpa olunan enerjiyə investisiyalarını 2 dəfə artıracaq
- 20 oktyabr, 2021
- 11:57
Asiya İnkişaf Bankı (ADB) Asiya və Sakit Okean bölgəsində aşağı karbonlu keçidi təşviq edərkən, etibarlı və əlverişli qiymətlərlə enerji xidmətlərinə universal çıxışı dəstəkləmək üçün yeni enerji siyasətini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə ADB məlumat yayıb.
ABD prezidenti Masatsuqu Asakava bildirib ki, enerji inklüziv sosial-iqtisadi inkişafın mərkəzində yerləşir, ancaq enerji sistemlərinin genişləməsi iqlim və ətraf mühitə zərərli təsirlər bahasına başa gəlib:
“ADB yeni enerji siyasəti, etibarlı, əlverişli və təmiz enerjiyə çıxışın genişləndirilməsi kimi vacib və təxirəsalınmaz işlərdə inkişaf etməkdə olan üzv ölkələrimizə (DMC) dəstək verəcək.
Bu yeni siyasət, ADB-nin yeni kömür enerjisi istehsalını maliyyələşdirməyəcəyinə dair güclü öhdəliyinə əsaslanır. 2019-2030-cu illərdə DMC-lərimizə 100 milyard ABŞ dollarlıq iqlim maliyyələşdirməsini təmin etmək istəyimizlə birliktə, bankın ekoloji cəhətdən dayanıqlı enerji gələcəyinə töhvəsi üçün aydın bir yol təqdim edir”.
Qeyd edək ki, inkişaf etməkdə olan Asiya və Sakit Okean ölkələrində enerjiyə çıxış yolunda irəliləyişlər sürətli olub. Ancaq bölgədə təxminən 350 milyon insanın kifayət qədər təchizatı yoxdur və təxminən 150 milyon insanın hələ də elektrik enerjisinə əlçatanlığı yoxdur.
ADB hesab edir ki, davamlı iqtisadi artım və şəhərləşmə, əhəmiyyətli miqdarda əlavə elektrik istehsal gücünə sahib əlverişli və etibarlı enerji sistemlərinin inkişafını tələb edəcək. Beynəlxalq Enerji Agentliyinin ssenarilərinə əsasən, bölgənin elektrik enerjisinin istehsal gücü illik 7 % artaraq 2019-cu ildəki 3 386 qiqavatdan 2030-cu ildə 6 113 qiqavatadək yüksələcək.
Bölgədə bərpa olunan enerji istehsalına qoyulan investisiyalar, 2030-cu ilə qədər əvvəlki onilliklə müqayisədə 2 dəfə artaraq hər il 1,3 trilyon ABŞ dollara çata bilər.
ADB, aşağı karbonlu və bərpa olunan enerji mənbələrindən daha çox istifadə etməklə ən yoxsul və ən həssas ölkələrdə əsas enerjiyə çıxışı prioritet qəbul edəcək və enerji təhlükəsizliyini və iqlimə davamlılığı artırmaq üçün infrastrukturu bərpa edəcək.