AÇG-nin payçılarından biri kəşfiyyat xərclərini artırıb

AÇG-nin payçılarından biri kəşfiyyat xərclərini artırıb
Energetika
27 Aprel , 2019 17:22
AÇG-nin payçılarından biri kəşfiyyat xərclərini artırıb

Bu ilin yanvar-mart aylarında dünyanın nəhəng neft şirkətlərindən biri olan “Exxon Mobil” şirkətinin mənfəəti 50% azalıb ki, əsas səbəb kimi isə hasilat və neft-kimya seqmentində aşağı göstəricilər göstərilir. 

“Report” xəbər verir ki, bu barədə şirkətin rüblük maliyyə hesabatında məlumat verilib.

Hesabat şirkətin səhmlərinin dəyərinin daha 2% ucuzlaşmasına səbəb olub. “Exxon Mobil” ən çox itkilərin “Downstream” əməliyyatlarında olduğunu açıqlayıb. Neft-kimya sektoru üzrə mənfəət isə ötən illə müqayisədə 219 mln. ABŞ dolları geriləyib.

Şirkətin əsas işi olan xam neft, təbii qaz və digər yanacaq istehsalı ötən ilə nisbətən 2% artaraq 4 mln. neft bareli ekvivalentində olub. Ötən illə müqayisədə şirkətin “Upstream” kəşfiyyat işləri və istehsalı 621 mln. dollar azalıb.

“Exxon Mobil” ötən ilin birinci rübündə 4,65 mlrd. dollar qazandığı halda bu il qazancı 2,35 mlrd. dollar olub. Hər səhmindən gələn gəliri isə 70 dollar senti gözlənildiyi halda cəmi 55 dollar sentinə bərabər olub.

Bundan əlavə şirkətin gəlirləri də ötən ilə nisbətən 6,7% azalaraq 63,63 mlrd. dollara düşüb. Analitiklər isə bu göstəricinin 64,82 mlrd. dollar olacağını proqnozlaşdırırdılar.

“Exxon Mobil”in kəşfiyyat xərcləri də ötən ilə nisbətən 4,87 mlrd. dollar artaraq 6,89 mlrd. dollara çatıb.

Səhmdarlara ödənilən dividendlərin həcmi isə 5 dollar senti artaraq 0,87 dollara çatıb.

Xatırladaq ki, “Exxon Mobil” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində 6,79%-lik paya malikdir.