AÇG-də dərin laylardan qaz hasilatına gələn ilin əvvəlində başlanıla bilər
- 09 fevral, 2024
- 07:47
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2025-ci ilin əvvəllərində başlanıla bilər.
"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O'Leary jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, AÇG-də dərin laylardan qaz hasilatını həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin II yarısında başlanılması planlaşdırılır.
C. O'Leary əlavə edib ki, ötən il qeyd olunan layihə çərçivəsində qiymətləndirmə quyusunun qazılması uğurla başa çatdırılıb.
"Monitorinq aparmaq üçün quyunun ağzına xüsusi avadanlıq quraşdırıb və bunun sayəsində uğurlu məlumat əldə edə etmək mümkün olub", - BP nümayəndəsi qeyd edib
Onun sözlərinə görə, məhz alınan məlumatlar əsasında hasilat quyusunun qazılmasına qərar verilib.
O vurğulayıb ki, ilk hasilat quyusu uğurlu olduğu təqdirdə şirkət ilk qazın gələn ilin əvvəlində çıxarılacağını gözləyir.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.