AÇG bloku üzrə hasilat göstəriciləri açıqlanıb

Energetika
  • 10 fevral, 2022
  • 09:01
AÇG bloku üzrə hasilat göstəriciləri açıqlanıb

2021-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan hasilat 2020-ci illə müqayisədə 2,54 % az olub.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2021-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, ötən ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (27 min barel), “Mərkəzi Azəri” (109 min barel), “Qərbi Azəri” (116 min barel), “Şərqi Azəri” (76 min barel), “Dərinsulu Günəşli” (86 min barel) və “Qərbi Çıraq” (44 min barel) platformalarından birlikdə – gündə orta hesabla 458 min barel və ya ümumilikdə təxminən 167 milyon barel, yəni 23 milyon ton olub.

Qeyd edək ki, ötən ilin sentyabrın 18-də AÇG layihəsi yataqlar blokundan 4 milyon barel ümumi hasilat əldə olunması uğurunu qeyd edib.

2021-ci ildə AÇG-nin illik iş proqramı çərçivəsində iki platformada planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib – ikinci rübdə “Qərbi Azəri”də və üçüncü rübdə “Çıraq” platformasında.

İlin sonunda AÇG-də ümumilikdə 135 neft hasilat quyusu, 29 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti