“Abşeron” yatağından ilk qaz gələn il çıxarılacaq

Energetika
  • 18 fevral, 2022
  • 10:22
“Abşeron” yatağından ilk qaz gələn il çıxarılacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Fransanın “TotalEnergies” şirkətinin birgə müəssisəsi tərəfindən Xəzərdə istismar edilən “Abşeron” qaz yatağından ilk qaz 2023-cü ilin birinci rübündə çıxarılacaq.

“Report” mənbələrə istinadən xəbər verir ki, bir il sonra da yatağın istismarının ilk mərhələsindəki pik hasilat olan illik 1,5 milyard kubmetr səviyyəsinə çıxacaq və həmin həcmdə hasilat bir neçə il ərzində davam edəcək.

“2023-cü ildə həmin yataqdakı hasilatın həcmi 1,25 milyard kubmetr olacaq. “Abşeron” yatağının ilk mərhələ istismarından çıxacaq qazın satışına dair SOCAR ilə “TotalEnergies” arasında bir neçə il bundan əvvəl imzalanmış müqaviləyə əsasən həmin qaz bütövlüklə Azərbaycan tərəfindən satın alınacaq”, – deyə mənbə bildirib.

“Abşeron” qaz yatağındakı ehtiyatların ümumi həcmi 300-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat həcmində dəyərləndirilir.

Bu yatağın birinci mərhələdə istismarının başlıca razılaşma və kommersiya şərtlərinə dair SOCAR və “Total” arasında müqavilə 2016-cı ilin 21 noyabr tarixində imzalanıb. 2019-cu ildə “TotalEnergies” “Abşeron” yatağında qaz hasilatı və ehtiyatların dəyərləndirilməsi üçün 7 411 metr dərinlikdə “ABD-001” adlı ilk quyunu qazmağı başa çatdırıb. Bundan sonra kommersiya baxımından sərfəli qaz və kondensat ehtiyatlarının aşkarlandığı açıqlandı.

Son xəbərlər

Bütün Xəbər Lenti