Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına yarımdalma qazma qurğusu “Caspian Drilling Company” şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından Xəzərin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında qazma işləri aparmaq üçün dənizə yola salınıb.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Dünyada ilk və yeganə 1 400 atm təzyiqinə davamlı, VI nəsil yarımdalma qazma qurğusunun inşası 2017-ci ilin may ayında başa çatıb. Azərbaycan dövlətinə məxsus bu qurğunun tikintisi “Caspian Drilling Company” şirkəti tərəfindən həyata keçirilib və bundan sonra onun idarəçiliyi altında fəaliyyət göstərəcək.
Qurğu SOCAR və “Total” şirkətlərinin pay sahibi olduğu “Abşeron” qaz-kondensat yatağında “ABX-2” quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra “ABD001” quyusunu qazacaq. Bu da “Abşeron” yatağından ilk qazın hasil edilməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, “Abşeron” yatağında ilk quyunun (ABD-001) bu ilin mart ayında qazılmasına başlanılacaq. Qazma işlərinin 2019-cu ilin martında yekunlaşması gözlənilir. Qazma proqramı 379 gün nəzərdə tutulur. "Abşeron" yatağında hasilatın 2020-ci ilin əvvəlinə kimi başlanması planlaşdırılır.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.