ABŞ-dakı neft-qaz qazma qurğularının sayı bu barədə hesablamaların başladığı 1944-cü ildən sonrakı dövr üçün minimum həddə enib.
“Report” “Baker Hughes” sənaye xidmətləri şirkətinə istinadən xəbər verir ki, ötən həftə ərzində ölkə ərazisindəki qurğuların sayı 35 ədəd azalaraq 339-dək enib. Bunlardan fəaliyyət göstərən neft qazma qurğuları 258 olub ki, bu da 2009-cu ilin iyul ayından sonrakı dövr üçün ən aşağı rəqəmdir. Ötən il isə ABŞ-da 987 neft və qaz qazma qurğusu, o cümlədən 802 neft qazma qurğusu vardı.
Qeyd edək ki, ABŞ-da neft hasilatının azalması COVID-19 pandemiyası ilə bağlı tələbatın azalması, habelə dünya bazarında qiymət müharibələri üzündən baş verib. Belə ki, aprel ayında WTI markalı neftin qiymətləri hətta mənfi rəqəmlərədək azalmışdı. Prezident Donald Tramp neft şirkətlərinə yardım planını hazırlamaq tapşırığı verib.